Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri dekabrın sonunda bəlli olacaq
“Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri dekabr ayının sonunda elan olunacaq.
Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən "ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, müsabiqəyə təqdim olunmuş 900 layihədən 207-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb.
Həmin layihələr münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilib. Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və məktəblilər qatılıblar.
Qeyd edək ki, “Elektron təhsil” tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaq məqsədi daşıyır.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, “Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
2010-cu ildən etibarən keçirilən müsabiqəyə indiyə qədər, ümumilikdə, 5000-dən artıq layihə təqdim edilib.
Həqiqət İSABALAYEVA
22/12/15 Çap et