Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasovun Çinə səfəri başa çatıb (VİDEO)


Məlum olduğu kimi, sentyabrın 14-15-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun beşinci illik iclası (“Yay Davosu”) keçirilib.

“İqtisadiyyatın keyfiyyətli inkişafı” mövzusunda keçirilən tədbirdə 100-ə yaxın ölkədən 2500 nümayəndə, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak ediblər.

İki ildən bir keçirilən “Yay Davosu” Asiyanın dünyada yeni coğrafi, geoiqtisadi və geosiyasi üstünlüyünü əks etdirən, həmçinin bu regionun dinamik inkişaf edən şirkətlərini bir araya toplayan forumdur.

Forumda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Nazir Əli Abbasov bu sahədə Azərbaycanda görülən işlər, əldə olunmuş nailyyətlər və perspektiv layihələrədn söz açıb.

O, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, dövlət başçısı tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına böyük diqqət yetirildiyi, enerji sahəsindən sonra İKT-nin iqtisadiyyatımızda prioritet sahələrindən birinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.

Dünya İqtisadi Forumunun rəqəmsal iqtisadiyyat problemlərinin ölkələr arsında əlaqələndirilməsi ilə məşğul olan Hökumət Qrupunun ilk iclasında Azərbaycanda texnoloji inkişaf və Avrasiyada regional layihələrdə, xüsusən Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsində fəal iştırakı yüksək qiymətləndirilib.

Forum çərçivəsində nazir Əli Abbasovun Çinin elm və texnologiya naziri Van Qanq, Hindistanın planlaşdırma, elm və texnologiya üzrə dövlət naziri Aşvani Kumar, Pakistanın elm və texnologiya naziri Mir Çingiz Xan Camali, Çinin HUAWEI, ABŞ-ın WYSE Technology, Böyük Britaniyanın “British Telecom” və maraq doğuran digər şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə əsasən, İKT sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, bu sahədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislərin elmi-mübadiləsinin aparılması, xarici şirkətlərin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olunub.






19/09/11    Çap et