Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda gözlənilən yenilik - texnologiyaların köməyi ilə “Beynin Musiqisi” xəstələri müalicə edəcək
“Hi-Tech” məhsullarının - yüksək texnologiyaların uğurlu tətbiq sahələrindən biri də tibb sahəsidir. Məhz bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq, hazırda ABŞ, İsrail, İsveçrə, Fransa, Çexiya və bəzi digər ölkələrdə “Beynin Musiqisi” (Music of the Brain) metoduna üstünlük verilir.
Analoji metodun Azərbaycanda da tətbiqi istiqamətində işlər aparılır. Atılacaq addımlar uğurla nəticələnərsə, bu, ölkə səhiyyəsində yenilik olacaq. “Beynin Musiqisi”nin çalışdığı sahədə - nevrologiyada tətbiqinə müvəffəq olmağa çalışan tibb elmləri doktoru Rövşən Həsənov “ICTnews” Elektron Xəbər Xidmətinə metodun Moskva şəhərindəki ilkin sınaqlarında fəal iştirak etdiyini deyir.
Kompüter yaratdığı fəsadları ortadan qaldıracaq
“Music of the Brain” nə deməkdir? Bu, yuxu pozulmaları, vegetativ və həyəcan sindromları, depressiya, alkoqolizm və narkomaniyanın bəzi klinik əlamətlərinin müalicəsi, gərgin iş şəraitində çalışan sağlam insanların adaptasiya imkanlarının artırılması üçün yaradılmış yeni qeyri-farmakoloji müalicə üsuludur.
Maraqlı məqam odur ki, gündəlik həyatımızda birbaşa rolu olan və bu səbəbdən əksər insanlara gərgin, stressli iş şəraiti yaradan kompüter yaratdığı fəsadların ortadan qaldırılmasında da elə özü iştirak edir.
Musiqi şəklinə transformasiya olunan EEQ audiokasset, CD-də dinləniləcək
Metodun məğzinə gəlincə, xəstə və ya sağlam orqanizmin funksional vəziyyətinin dəyişdirilməsi üçün xüsusi tərtib olunmuş alqoritmlər əsasında kompüter proqramı yaradılır. Bu proqramın vasitəsilə pasiyentin (sağlamın) öz elektroensefaloqrafiyasının (EEQ) musiqi şəklinə transformasiya olunması və bu musiqiyə audiokasset, CD köməyi ilə qulaq asılmasıdır. Belə ki, pasiyentin (sağlamın) relaksasiya vəziyyətində 15 dəqiqəlik EEQ-sı yazılır: “Xüsusi proqram vasitəsilə EEQ-nın vizual analizi aparılır, 5 dəqiqəlik beynin sinxronizasiya vəziyyətinə uyğun epizod seçilir. Bəzi hallarda (ifrat oyanıqlıq, ajitasiya) bu mümkün deyilsə, EEQ yuxuda aparılır, dərin yuxu dövrünə uyğun epizodlar seçilir. Seçilmiş EEQ yazısı redaktə olunur və xüsusi proqram vasitəsilə musiqiyə çevrilir. Adətən musiqi aləti kimi fortepiano istifadə olunur. Hazırlanmış individual yazı CD-yə köçürülür və pasiyentə təqdim edilir. İnsan həkim tərəfindən tərtib olunmuş sxem üzrə musiqini dinləyərək beynin funksional vəziyyətinə müdaxilə ilə relaksasiya, adaptasiya vəziyyətlərinə köklənə bilir”.
“Beynin Musiqisi”ni aktuallaşdıran amillər
R.Həsənovun sözlərinə görə, musiqi EEQ-yə spesifik təsir edir, həm də bu təsir eşidənin musiqiçi yaxud qeyrisi olmasından asılıdır: “Ritmik səslərin təsiri ilə beynin bioelektrik aktivliyi, vegetativ, endokrin parametrlər kəskin dəyişir. Musiqi əsəbi gərginliyi götürür, relaksant və antidepressiv təsir edir. Beləliklə, tədqiqatçıların yekun rəyi budur ki, əsasında musiqi duran istənilən müalicəvi metod uzunmüddətli tətbiq olunmalıdır. “Beynin Musiqisi” müalicə metodu bütün qeyd olunanları nəzərə alaraq yaradılıb”.
“Beynin Musiqisi”nə ehtiyacı olan peşə sahibləri
Dünyada tətbiq edilən bu metod üzrə 1993-cü ildən hazıra qədər 8000-dən çox nevroloji və psixi xəstə və müəyyən emosional gərginlik şəraitində çalışan sağlam şəxs müalicə olunub. Xüsusən yüksək göstəricilər professional idmançılarda, ali, orta məktəb tələbə və şagirdlərində alınıb: “Sağlamlar” qrupu üzrə tələbə və şagirdlər imtahanönü dövrlərdə; idmançılar, diqqətin cəmlənməsi tələb olunan yarışönü müddətdə, həmçinin yorğunluq halından sonra relaksasiya üçün; rəhbər işçilər, psixoemosional gərginliyi azaltmaq məqsədilə; fövqəladə fiziki və emosional gərginlik, stress şəraitində çalışan şəxslər (yanğınsöndürənlər, xilasedicilər, hərbiçilər və s.); diqqətin və iş qabiliyyətinin artırılması məqsədilə, qeyri-məqbul və aqressiv iqlim iş şəraitində çalışanlarda bu metoddan istifadə edilir. “Xəstələr” qrupu üzrə isə yuxu pozulmaları, panik pozulmalar, depressiyalar, baş ağrıları, stress vəziyyəti, vegetativ pozulmalar, alkoqolizm və narkomaniyanın müalicəsi zamanı bundan istifadə edilir. Uşaqlar üçün isə Enurez, Loqonevroz, Motor tiklər, diqqətin defisiti və hiperaktivlik sindromu (dərs materialının qavranmasını yüksəldir) zamanı BM-yə ehtiyac yaranır”.
Həqiqət İSABALAYEVA
29/12/15 Çap et