Dünyanın ən bahalı texnologiya şirkəti hansıdır?
2015-ci ildə yüksək texnologiyalı şirkətlər dünyada kapitallaşma üzrə reytinqdə öz liderliyini möhkəmləndiriblər. Bu kateqoriya üzrə "Apple" və "Alphabet" ("Google" və "Android"in əsas şirkəti) şirkətləri müvafiq olaraq birinci və ikinci pillədə qərarlaşıblar.
"ICTnews" elektron xəbər xidməti "
www.interfax.ru" resursuna istinadən yazır ki, "Apple" şirkəti 2015-ci ilə 640 milyard dollar kapitallaşma ilə start verib. Yaz aylarında bu göstərici 750 milyard dollaradək artıb. Buna baxmayaraq, ilin sonuna doğru dünyanın ən bahalı şirkətinin bazar qiyməti 600 milyard dollardan aşağı düşüb.
"Alphabet" şirkəti isə cari ildə kapitallaşmasını 45 faiz artıraraq 530 milyard dollara çatdırmağa müvəffəq olub.
Son aylarda "Microsoft" korporasiyası da nəzərəçarpan irəliləyiş nümayiş etdirərək 450 milyard dollar göstəricisi ilə üçüncü pilləni tutub.
Emil Hüseynov