Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindənabunəçilər şəhər telefon nömrəsini asanlıqla dəyişdirə bilər. Qeyd edək ki, bu xidmət yalnız Bakı şəhərini əhatə edir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunun üçün "Elektron hökumət" portalına (
www.e-gov.az ) daxil olmaq kifayət edir.
Belə ki, portalda qeydiyyatdan keçmiş, telefon nömrəsi öz adına olan abunəçilər RYTN-in "Telefon nömrəsinin dəyişdirilməsi" xidmətinə daxil olmaqla istəyini həyata keçirə bilər. Növbəti səhifədə portal istifadəçisinin adına olan şəhər telefon nömrəsi avtomatik olaraq açılacaq.
Aşağı hissədə isə boş olan telefon nömrələrinin siyahısı əks olunacaq. Xüsusi düymə vasitəsilə həmin siyahıdakı istənilən nömrəni seçmək mümkündür. Qeyd edək ki, abunəçi özü nömrə seçimi etdiyi halda 50 AZN, seçmədiyi təqdirdə isə 20 AZN ödəməli olur. Bundan sonra "Davam et" düyməsini sıxmaq lazım gəlir.
Sifariş qəbul edildikdən sonra ödəniş məbləği, nömrə dəyişmə əməliyyatının hansı telefon qovşağı tərəfindən aparılacağı, ödəniş şifri və digər məlumatlar ekranda görünəcək. İstifadəçi "Online ödə" düyməsini klikləməklə internet vasitəsilə ödənişi apara bilər. Ödəniş 24 saat ərzində aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.
Xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində telefon nömrəsi dəyişdiriləcək.
CAHANGİR