Çində Xux-Xuto şəhər (Daxili Monqolustan avtonom rayonu) dəmir yolları idarəsi bu günlərdə Çin Elmlər Akademiyasının hazırladığı insan sifətinin tanınması texnologiyasının tətbiqinin sınaqlarına başlayıb. Bu addımın atılması təhlükəsizlik tələbləri ilə izah olunur.
Məlumata görə, qatara minmə zamanı vağzal işçiləri adətən bilet məlumatlarını yalnız şəxsiyyət vəsiqəsinin informasiyası ilə tutuşdura bilirlər, eyni zamanda sərnişinin təqdim etdiyi sənədlərin həqiqətən ona məxsus olmasını yoxlamaq üçün vaxt çatmır. Həmçinin pozuntuların müşahidə kameraları vasitəsilə izlənməsi çoxlu insan resursları tələb edir. Bu çətinliklərin öhdəsindən isə sifətin tanınması texnologiyası gəlir.
Qeyd olunur ki, sifətin uyğunsuzluğunu 3 saniyə ərzində avtomatik müəyyənləşdirmək mümkün olduğu halda insan adətən eyni prosedura 5-10 saniyə sərf edir. Bundan əlavə, kompüterin tanınma dəqiqliyi on dəfə yüksəkdir.
Həmçinin sistem məlumat bazası üzrə axtarış apararaq yerində çəkilmiş şəkilləri bazada saxlanılan məlumatlarla müqayisə edərək yoxlaya bilir.
Çində sifətin tanınması texnologiyası uzun müddətdir ölkənin bir sıra sərhədyanı rayonlarında uğurla istifadə olunur. Texnologiyadan eyni zamanda maliyyə sahəsində geniş istifadə edilir.
Nizam Nuriyev