Dünyanın ilk çərçivəsiz bükük televizorları təqdim edilib
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Las-Veqasda keçirilən "CES” sərgisində kvant nöqtə texnologiyaları bazasında displeylərin istifadə olunduğu dünyanın ilk çərçivəsiz bükük televizorlar seriyasını nümayiş etdirib.
Kvant nöqtələrdən istifadə rəngverməni hazırda bu parametr üzrə ən yaxşısı hesab edilən “OLED” displeylərə nisbətən daha dəqiq ötürən televizorlar yaratmağa imkan verir. Qalınlığı atomların cəmi 20 qatını təşkil edən kvant nöqtələr 2-10 nanometr ölçülü kiçik kristallardır. Onlar ölçüdən asılı olaraq mövcud işıq mənbələrinə nisbətən dar diapazonda işığı şüalandırır. Bu, rəngvermənin dəqiqliyini artırmağa imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “
http://www.macdigger.ru” resursuna istinadən yazır ki, “SUHD TV” istehsal xəttində kontentin müxtəlif mənbələrindən istifadəsinə yönələn “Tizen” platformalı “Smart TV” funksiyaları quraşdırılıb. İstifadəçilər təkcə televiziya proqramlarını deyil, həm də internetdən (YouTube, Amazon, M-GO, Netflix və s.) videoya baxmaq imkanı əldə edəcəklər. Bundan başqa, əməliyyat sistemi əlavə oyunları quraşdırmağa imkan verir. Artıq "Tizen”də 500-dən artıq oyundan istifadə mümkündür.
2016-cı il buraxılışlı bütün "Samsung” televizor modelləri “Əşyalar interneti” (IoT) texnologiyaları ilə işləyə biləcək. Belə ki, modellər “ağıllı” qurğuların və servislərin qoşulmasını və onların idarə olunmasını təmin edən açıq "SmartThings” platformasını dəstəkləyəcək. Həmçinin 2016-cı il model sırasından olan “SUHD Samsung” televizor sahibi onun vasitəsilə bütün “ağıllı” ev qurğularını idarə edə biləcək, çünki televizor “IoT” konsentrator funksiyasını yerinə yetirəcək.
“SUHD” televizorları “Samsung” qurğuları və "SmartThings” sensorları, eləcə də "SmartThings” platforması ilə uyğunluq təşkil edən digər qurğulara qoşula və onların işinə nəzarət edə biləcək.
Həmçinin "SUHD TV” televizorlarında bir neçə oxşar qurğudan istifadəni aradan qaldıran yeni “Samsung Smart Control” pultundan istifadə barədə məlumat verilir. Teleqəbuledici ona qoşulan oyun konsollarının, multimedia sistemlərinin və digər elektron qurğuların tiplərini avtomatik müəyyənləşdirə bilir ki, bunun da sayəsində istifadəçi bir pultun köməyi ilə bütün kənar qurğuları idarə edir.
Nizam Nuriyev