Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəfəs vasitəsilə xərçəng xəstəliyini müəyyənləşdirən qurğu yaradılıb


Yaponiyalı alimlər tərəfindən hazırlanan yüksək həssaslı sensorun köməyi ilə nəfəs vasitəsilə xərçəng və digər ağır xəstəliklərin mövcudluğunu müəyyənləşdirmək mümkün olacaq. Yerli media yazır ki, Yaponiyanın bir neçə nəhəng şirkəti, həm də Milli Materialşünaslıq İnstitutu və Osaka Universiteti sözügedən layihədə iştirak edir.
 
Ehtimal edilir ki, yüksək həssaslı sensor xəstənin nəfəsində mövcud olan spesifik üzvi birləşmələri qeydə alacaq. Qurğunu asanlıqla smartfona qoşaraq analiz vermək mümkündür: əldə olunmuş informasiya ekranda göstəriləcək. Beləliklə, gələcəkdə hər kəs istənilən an ilkin diaqnostika edə və xəstəliyin əlamətləri müşahidə edildikdə dərhal tibb mütəxəssislərinə müraciət edə bilər.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən yazır ki, alimlər hələ ki qurğunun prototipini yaradıblar, lakin sözügedən cihazın təkmilləşdirilməsinə bir neçə il vaxt lazımdır.
 
Onkoloqların fikrincə, məhz ilkin diaqnostikası xəstəliyin uğurlu müalicəsində əsas amildir. Yeni yaradılan sensor bu problemi həll etməlidir.
 
Emil Hüseynov
 




11/01/16    Çap et