Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya İT bazarında kəskin azalma qeydə alınıb


Dünya informasiya texnologiyaları (İT) bazarında valyuta məzənnələrinin dəyişməsi nəticəsində kəskin azalma qeydə alınıb. Bu barədə “Gartner” tədqiqat şirkətinin hesabatında deyilir.

Ekspertlərin qiymətləndirməsinə görə, 2015-ci ildə qlobal miqyasda İT xərcləri 3,52 trilyon dollar təşkil edib ki, bu da bir il əvvəldən 216 milyard dollar azdır. Bazarın pul ifadəsində bu qədər azalması “Gartner”in onu izlədiyi vaxtdan bəri baş verməyib.

“ICTnews” Elektron Xəbər xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin fikrincə, 2014-cü ilə çəkilən İT xərcləri 2019-cu ilədək geri qayıtmayacaq, halbuki 2016-cı ildə bazarda cüzi artımın (0,6 faiz - 3,54 trilyon dollaradək) olacağı gözlənilir.

Telekommunikasiya xidmətləri sahənin ən böyük seqmenti olaraq qalır. Analitik şirkətin hesablamasına görə, 2015-ci ildə bu sahədə 1,47 trilyon dollar sərf olunacaq ki, bu da bir il əvvəldən 8,3 faiz azdır. Bu il telekommunikasiya xidmətləri üçün xərclərin Avropa İttifaqı və Şimali Amerikanın bir sıra regionlarında  rouminq ödənişinin ləğv edilməsi ilə əlaqədar 1,2 faiz azalması proqnozlaşdırılır.

Ötən il kompüter qurğularında (masaüstü fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printer) da azalma (5,8 faiz - 653 milyard dollaradək) olub. 2016-cı ildə bu bazarda 1,9 faizlik azalma gözlənilir ki, bunu da mütəxəssislər bir sıra ölkələrdə iqtisadi çətinliklərlə və inkişaf etməkdə olan ölkələrdə istehlakçıların ucuz smartfonlara üstünlük verməsi ilə izah edirlər.

Həmçinin hesabatdan məlum olub ki, 2015-ci ildə dünya proqram təminatı bazarının həcmi 1,4 faiz azalaraq 310 milyard dollar təşkil edib. Bundan başqa, İT xidmətləri üçün xərclər 4,5 faiz - 912 milyard dollaradək aşağı düşüb.

Nizam Nuriyev 





18/01/16    Çap et