Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də Avstriya nümayəndə heyəti ilə görüş keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) Avstriyanın paytaxtı Vyananın vitse-meri və icra hakiminin müavini xanım Renate Braunerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyanın həmsədri Əli Abbasov ölkə başçısının diqqət və qayğısı sayəsində ölkədə İKT sektoru üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir ölkədə İKT sahəsində qeydə alınan yüksək inkişaf fonunda hər iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini bildirib.

Azərbaycanla Avstriya arasında hökumətlərarası əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən nazir bu gün təşkil olunan biznes-forumun hər iki ölkənin İT şirkətləri üçün yeni imkanlar açacağını vurğulayıb.

Vyana şəhərinin vitse-meri və icra hakiminin müavini xanım Renate Brauner səmimi qəbul üçün minnətdarlığını bildirmiş və keçirilən biznes-forumu Avstriya federal prezidenti Hayns Fişerin oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri üçün hazırlıq xarakteri daşıdığını qeyd edib.

R. Brauner hər iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, turizm və təhsil sahəsi ilə yanaşı, informasiya texnologiyaları sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsi, ayrı-ayrı şirkətlər arasında əməkdaşlıq perspektivlərinin müəyyən olunmasında əlverişli şərait yarandığını bildirib. Daha sonra bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




19/09/11    Çap et