Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Gürcüstan müştərək elektron məlumat bazasının yaradılması ilə bağlı razılığa gəliblər
Azərbaycan və Gürcüstanın dövri mətbuat nümunələri birgə rəqəmsallaşdırılacaq. Tərəflər rəqəmsal nümunələr əsasında elektron məlumat bazasının yaradılması ilə bağlı müştərək layihənin həyata keçirilməsi barədə razılığa gəliblər.
Baza hər iki ölkənin 1918-1920-ci ilk müstəqillik illərində Bakıda və Tbilisidə çap olunan qəzet və jurnalların tam komplektlərindən ibarət olacaq. Razılıq milli kitabxanalar səviyyəsində əldə edilib.
Azərbaycan Milli Kitabxanasından (AMK) bildirilib ki, layihəyə əsasən, 1918-1920-ci illərdə Bakıda və Tbilisidə çap olunan dövri mətbuat nümunələrini özündə tam əks etdirəcək bu layihə hər iki ölkənin müstəqilliyinin 100 illiyi ərəfəsində oxucuların və mütəxəssislərin ixtiyarına veriləcək.
Sayt Azərbaycan, gürcü, ingilis və rus dillərində tərtib olunacaq.
Layihəyə əsasən əhatə olunan dövrdə hər iki ölkədə dərc olunan dövri mətbuat nümunələri rəqəmsallaşdırılaraq 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının və Gürcüstan Respublikasının qurulmasının 100 illiyi ərəfəsində tam elektron-məlumat bazasından ibarət müstəqil sayt şəklində azərbaycanlı və gürcü oxucularına təqdim olunacaq.
Həqiqət İSABALAYEVA
28/01/16 Çap et