Alimlər beyin siqnallarının şifrlərini yüksək dəqiqliklə açmağa nail olublar
ABŞ-ın Vaşinqton Universitetinin beyinin tədqiqi ilə məşğul olan mütəxəssisləri real vaxt rejimində beyin siqnallarının şifrlərini yüksək dəqiqliklə açmağa nail olublar.
Belə ki, alimlər neyronların epileptik aktivlik mənbələrini dəqiqliklə müəyyənləşdirmək üçün yeddi nəfər epilepsiya xəstəsinin gicgahına bir həftəlik müddətə elektrodlar yerləşdiriblər.
Elektrodların daimi aktivliyinə görə xəstələrin beyin siqnalları qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” resursuna istinadən yazır ki, beyinlərinə elektrodlar yerləşdirilən bütün xəstələrə 400 millisaniyə ərzində evlərin və müxtəlif insanların ağ-qara şəkilləri göstərilib. Bu zaman sistem gicgahdan gələn siqnalları qeydə alıb və alimlərə 20 millisaniyə ərzində 96 faizlik dəqiqliklə insanın nəyi görməsini nümayiş etdirib.
Texnologiya müasir nevrologiyanın ən çətin problemlərindən biri - “özünə qapanan insan” sindromunun həllinə kömək edə bilər. Bu sindrom xəstənin bütün əzələlərinin tam iflic olmasına görə kənarda baş verən hadisələrə reaksiya verməməsi ilə səciyyələndirilir.
Hazırda belə xəstələrlə yeganə ünsiyyət vasitəsi rolunu gözün köməyi ilə informasiyanın ötürülməsi oynayır.
Nizam Nuriyev