Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsveçrədə meşədə itkin düşmüş insanları axtarmaq qabiliyyətinə malik dron yaradılıb
Sürix Universitetinin məlumatına əsasən, hər il meşədə itkin düşmüş insanlarla bağlı İsveçrənin Xilasetmə Xidmətinə təqribən 1000 zəng edilir. Sürix Universiteti, həmçinin İtaliyanın süni intellektin tədqiqatı üzrə "IDSIA" İnstitutunda çalışan mütəxəssislərin birgə səyi nəticəsində meşə şəraitinə uyğunlaşdırılmış pilotsuz uçan aparat (PUA) yaradılıb. PUA ona qurulmuş kameraların köməyi ilə ətraf ərazini təhlil edir, insanlar tərəfindən tapdalanmış cığırları taparaq hərəkət edir. Gələcəkdə belə dronların köməyi ilə itkin düşmüş insanların axtarışı sürətlənəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, verilənlər massivinin emalı üçün neyron şəbəkəsinə əsaslanan süni intellektdən ibarət xüsusi proqram təminatı sayəsində belə dron yaratmaq mümkün olub. 2 daxili kamera sayəsində dron meşə şəraitinə sürətlə uyğunlaşır və maneələri dəf edərək cığırlar üzrə asanlıqla hərəkət edir.
Emil Hüseynov
12/02/16 Çap et