Robotlar insanları işdən məhrum edəcək
Robotlar Hindistan və Çin sakinlərinin rifahı üçün əsas təhlükə ola bilər. Belə ki, bu inkişaf etməkdə olan ölkələrin işləyən vətəndaşlarının 69 və 77 faizi 25 ildən sonra robot texnikasının inkişafı sayəsində işindən məhrum ola bilər. Bu barədə Vaşinqtonda ABŞ Elmin İnkişafı Assosiasiyasının illik iclasında bəyan edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
RİA Novosti" resursuna istinadən yazır ki, son illər daha çox alim, o cümlədən məşhur Britaniya fiziki Stiven Hokinq süni intellekt və robot texnikası sistemlərinin gələcək inkişafına skeptik yanaşmağa başlayaraq "ağıllı maşın"ların bəşəriyyətə faydadan daha çox ziyan verəcəyini düşünür.
Hyuston Rays Universitetinin mütəxəssisi Moşe Vardi və onun həmkarları robot texnikasının inkişafının sosial amilini tədqiq edərək robot və süni intellektin gələcək inkişafının Yer kürəsində iqtisadiyyata və əhalinin müxtəlif təbəqələrinin rifahına təsiri barədə proqnozlar veriblər.
Alimlər apardıqları hesablamalarda iki amilə - robotların insanları əvəz edərək prinsipcə hansı vəzifələri yerinə yetirə bilməsinə və bu əvəzetmənin iqtisadi baxımdan nə dərəcədə məqsədəuyğun olmasına əsaslanıblar. Məsələn, aşağı ixtisaslı iş üçün əməkhaqqı o qədər aşağıdır ki, belə işçilərin robotlarla əvəzlənməsi kapital qoyuluşu baxımından əlverişsiz olacaq.
Alimlərin sözlərinə görə, hesablamalardan məlum olub ki, robot texnikasının inkişafından futuroloq və iqtisadçıların gözlədiyi kimi aşağı ixtisaslı işçi kateqoriyası yox, orta işçi sinfi - çətin, lakin monoton mexaniki işlə məşğul olan insanlar ziyan çəkəcək. Buna bariz nümunə kimi klerk dövlət qulluqçuları, avtobus sürücüləri, supermarket kassirləri, qida kombinatı işçiləri və işi görmək üçün yaradıcılıq yanaşması tələb etməyən digər mütəxəssislər qeyd olunur.
Bildirilir ki, bunun sayəsində dünyada məşğulluq səviyyəsi 60 faizdən 50 faizədək azalacaq və bu azalmanın əksər hissəsi belə işçilərin çox olduğu ölkələrin payına düşəcək. Nümunə kimi iqtisadi aktiv əhalinin ikidə üçünün "kompüterlərin hücumu" nəticəsində işindən məhrum olacağı Hindistan və Çini qeyd etmək olar. Bunun əksinə olaraq ABŞ kimi postsənaye ölkələrində işləyən vətəndaşların yarısı işini itirəcək.
M.Vardi qeyd edir ki, istənilən halda bu rəqəmlər ürəkaçan deyil. Onun sözlərinə görə, siyasi xadimlər və bütün insanlar robotların işin çox hissəsini öz üzərilərinə götürdükdən sonra bəşəriyyətin nə ilə məşğul olacağı barədə düşünməlidir.
Nizam Nuriyev