Virtual reallıq eynəyi neyrocərrahların yardımçısı kimi çıxış edib
Fransada tibb tarixində ilk dəfə virtual reallıq eynəyinin tətbiq olunduğu neyrocərrahiyyə əməliyyatı keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Health-ua” resursuna istinadən yazır ki, Fransa neyrocərrahları belə eynəkdən beyində bədxassəli şişin kəsilib götürülməsi üzrə əməliyyat zamanı xəstənin vəziyyətinə nəzarət üçün uğurla istifadə ediblər. Bu halda eynəyi cərrahlar deyil, şüuru özündə olan xəstə taxıb. Belə eynəkdən istifadə beynin sağlam hissələrinin (xüsusilə görmə mərkəzinin) zədələnməsini aradan qaldırmağa imkan verib.
Hazırda beynin yenitörəmələrinin kəsilməsi zamanı adətən intraəməliyyat oyanışının (bu halda narkoz xəstəyə qismən təsir göstərir, buna görə də əməliyyat zamanı insanın huşu özünə gələ və hissiyyatı oyana bilər) həyata keçirildiyi “yuxu-oyanış-yuxu” adlanan üsuldan istifadə edilir. Kəllənin trepanasiyasından sonra xəstəni narkozdan çıxarırlar və cərrah əməliyyat zamanı xəstədən tez-tez görmə, eşitmə və s. qabiliyyətində pisləşmənin olub-olmaması barədə soruşur. Belə ki, Fransanın Anje şəhərinin klinikalarından birinin həkimləri intraəməliyyat oyanışından sonra xəstəyə virtual reallıq eynəyi geyindiriblər. Xəstənin əməliyyat keçirilənədək beynində şişin əmələ gəlməsinə görə gözlərindən birində görmə qabiliyyətini itirməsi səbəbindən həkimlər onun ikinci gözünün görə bilməsini qoruyub saxlaması üçün maksimum dərəcədə çalışıblar.
Qeyd olunur ki, əməliyyat zamanı eynək xəstənin görünüş dairəsində həm mərkəz, həm də periferiya üzrə işıqsaçan nöqtələrin yaranmasını təmin edib. Xəstə daim həkimləri nöqtələrin yaranma yeri barədə məlumatlandırıb ki, bu da cərrahlara onun periferik görmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən səhvlərə yol verməməyə imkan verib. Əməliyyatdan üç həftə sonra yoxlanılan xəstənin görmə qabiliyyəti qalmış gözdə görmə dəqiqliyinin tam qorunmasını göstərib.
Nizam Nuriyev