Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ətraf dünyadan təcrid olunmuş kompüterdən məlumatların toplanması üsulu təqdim edilib


Bir sıra kompüterlər təhlükəsizlik məqsədilə qəsdən ətraf dünyadan təcrid olunur (air gap və ya fiziki izolyasiya). Belə qurğular internetə çıxış, simsiz şəbəkəyə qoşulmaq, “Bluetooth” texnologiyasını dəstəkləmək imkanından məhrum olur, həmçinin USB interfeysi və audiokart söndürülür. Kompüter eksperti Uilyam Entriken belə kompüterlərdən informasiyanı ötürməyə imkan verən metod hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, "System Bus Radio” adlanan yeni proqram istənilən kompüteri, hətta qurğuda müvafiq avadanlıq quraşdırılmadıqda belə radiosiqnal ötürməyə məcbur edə bilir. “System Bus Radio” kodunu yığmaqla kompüter prosessorunu elektromaqnit siqnallarını müəyyən tezliklərdə şüalandırmağa məcbur etmək mümkündür. Siqnalın gücü ekranlamanı dəf etməyə və hədəf seçilmiş kompüterdən məlumatları ötürməyə imkan verir. Bu halda məsafə hələ ki 2 metr təşkil edir.

Kompüter eksperti bu üsulla "Mary Had a Little Lamb” mahnısını uğurla ötürməyə nail olub. Maraqlıdır ki, sınaq zamanı tədqiqatçı heç bir gücləndirici və yönəlmiş antenalardan istifadə etməyib. Resiver kimi “Sony STR-K670P” çıxış edib, melodiyanı isə 1580 kQs tezliyində "Macbook” noutbuku səsləndirib. U.Entrikenin sözlərinə görə, tezlik hədəf seçilmiş qurğuya olan məsafədən və kompüterdə quraşdırılan proqram təminatından asılı ola bilər.   

“İndiyədək heç kim bahalı yönəldilmiş antenalardan istifadə etməyib. Onlardan istifadə məsafəni üç dəfə artırmağa imkan verər. Bahalı avadanlıqdan istifadənin daha yaxşı nəticələrə nail olmağa kömək edəcəyini istisna etmək olmaz”, - ekspert qeyd edib.

Mütəxəssisin sözlərinə görə, radiosiqnalı bütün kompüterlər translyasiya edə bilər, lakin düzdür, bu halda onun səviyyəsi komplektləşdirici hissələrdən asılı olaraq müxtəlif olacaq.

Nizam Nuriyev 





04/03/16    Çap et