Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstənilən sistemi sındıra bilən yeni kvant kompüter yaradıldı


Massaçusets Texnologiya İnstitutunun (MTİ) fizikləri beş atomdan ibarət kvant kompüter yaradıblar. Qurğu öz növü üzrə bir ilkdir. Belə ki, onu sərbəst şəkildə genişləndirmək və kiçiltmək olur. Bunun sayəsində də yeni kvant kompüter, demək olar, istənilən sistemi sındıra bilir. 

“ICTnews” Elektron Xəbər Xidməti “Mail.ru” “www.mail.ru” resursuna istinadən yazır ki, yeni kvant kompüter ədədi sadə vuruqlara ayıra bilir. Mütəxəssislərin sözlərinə görə, bu keyfiyyət sistemin miqyaslılığı ilə birlikdə ədədlərin vuruqlara ayrılmasına güvənən əksər müasir şifrləmə sistemlərinə müdaxiləyə yol açır.  

Fizik, institut əməkdaşı Ayzek Çuanqın sözlərinə görə, belə kvant kompüterlər işıq üzü gördükdən sonra bu şəkildə şifrlənmiş bütün köhnə məxfi məlumatları açmaq mümkünləşəcək.
Yeni kvant kompüter faktiki olaraq elm tarixində ədədlərin ilk faktorizasiya üsulu hesab edilən Şor alqoritmini həyata keçirir. Alqoritm 1994-cü ildə proqramçı Piter Şor tərəfindən xüsusi olaraq kvant kompüterlərdə tətbiq edilmək üçün hazırlanıb. 

Daha əvvəl təqdim edilmiş Şor alqoritminin reallaşdırmalarının bir ümumi problemi olub. Belə ki, onlar yalnız konkret ədədləri və ya bir ədədi vuruqlara ayıra biliblər. Həmçinin kubitlərin (hesablamanın aparıldığı kvant yaddaş xanaları) sayını dəyişərək sistemləri artırmaq və ya azaltmaq qeyri-mümkün olub.

Digər tərəfdən, kvant kompüterdə atomlar çox olanda, onlara nəzarət etmək də çətin olur və praktiki olaraq bütün alqoritm əməliyyatlarının yerinə yetirilməsi üçün tələb olunan müddətdə bir-birindən təcrid etmək alınmır.

A.Çuanq və onun mütəxəssislər qrupu hər iki problemi həll etməyə nail olub. Onlar Şor alqoritminin 15 rəqəminin sadə vuruqlara ayrılması üçün 12 kubit yox, 5 kubitin tələb olunduğu paralel versiyasından istifadə ediblər.

Bundan başqa, Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri atom kubitlərini yerində saxlayan xüsusi ion tələsindən istifadə ediblər. Mütəxəssislərin sözlərinə əsasən, belə yanaşma istənilən ölçüdə kvant deşifratorlar yaratmağa imkan verir.

Fiziklərin yaratdığı sistemin dəqiqliyi 99 faizi ötüb. Bu isə o deməkdir ki, Şor alqoritminin həyata keçirilməsi mümkündür. Bununla belə, sistemdə kubitlərin sayının artırılması üçün məhdudiyyət yoxdur. Bu, kvant kompüterin sadə vuruqlara ayıra bildiyi maksimal ədədləri hər an artırmağa imkan verir.  

Nizam Nuriyev 





09/03/16    Çap et