Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ofis işçilərinin qamətinin bərpasına kömək edən proqram təminatı yaradılıb


Kompüter arxasında saatlarla vaxt keçirən insanlar indi “SitYEA” proqramının köməyi ilə səhhəti ilə bağlı problemlərdən narahat olmaya bilərlər. Bu, iş yerlərində uzun müddət ərzində oturan əməkdaşların qamətinə nəzarət və düzəliş edən ilk proqram təminatıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, “Kinect” texnologiyası ilə əlaqələndirilmiş  fərdiləşdirilmiş proqram istifadəçilərə zərərli vərdişlər, düzgün olmayan qamət haqda məlumat verir.

"Oturaq iş insan sağlamlığına ciddi zərər vuran müasir epidemiyadır. Ofis işçilərinin 70%-i gündəlik orta hesabla 5 saat otururlar. Buna görə də 6 aydan sonra bu işçilərin 66%-nin fiziki ağrılardan əziyyət çəkməsi heç də təəccüblü deyil. Müxtəlif tədqiqatçıların məlumatına əsasən, tezliklə dünya əhalisinin 80%-i (5/8 milyard nəfər) bel ağrısından şikayət edəcək" –  “SitYEA”-nın baş direktoru Tomas Martunas deyib.

Yeni ixtiranı real həyatda istifadə etmək üçün kompüterə “Kinect” qurğusunu qoşmaq və “SitYEA” proqramını quraşdırmaq lazımdır. Yaxın gələcəkdə sözügedən proqram təminatı kompüterdəki veb kameralarla inteqrasiya ediləcək.

"Kompüter arxasında işləyən zaman biz vaxt amilini unuduruq. Buna görə biz düzgün olmayan qamətin bərpasında kömək edəcək və ya fasilə etmək haqda xatırladacaq “SitYEA” proqramını hazırlamışıq" – Martunas bildirib.

İstənilən əməliyyat sistemi ilə inteqrasiya və istifadə sadəliyi “SitYEA” proqramının açıq üstünlüyüdür.

Emil Hüseynov





11/03/16    Çap et