Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir bank “Elektron hökumət” portalına qoşuldu


"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olundu. "Caspian Development Bank"  bu gündən etibarən kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.

Qeyd edək ki, hazırda bank sektorunda geniş tətbiq olunan e-arayışlar kreditlə bağlı əməliyyatların daha sadə və qısa zaman ərzində həyata keçirilməsinə imkan yaradır. Arayışın elektron qaydada təqdim edilməsi həm istifadəçiyə, yəni müştəriyə, həm də bank sisteminin özünə xeyli üstünlüklər qazandırır.

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən artıq bank və kredit təşkilatları tətbiq edir. Həmçinin,  hazırda  portal tərəfindən 12 arayış vətəndaşlara təqdim olunur ki, bununla da banklar və kredit təşkilatları portala qoşulmaqla  vətəndaşlardan fərdi məlumatlar üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv etmişdir.





14/03/16    Çap et