Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı və Fərdi İdentifikasiya Nömrəsi


Müraciət etdiyimiz qurumlarda anket tamamlayarkən, həmçinin son vaxtlar daha çox istifadə etdiyimiz elektron xidmətlərdə və müraciətlərdə bizdən FİN-kodu qeyd etməyimiz tələb olunur.

Bəs FİN kod nədir?

FİN kod – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifikasiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. 

 



Qeyd edək ki, "Elektron hökumət" portalında autentifikasiyadan (qeydiyyatdan) keçən vətəndaşı portal identifikasiya etdiyi üçün xidmətlərdən istifadə zamanı FİN kod tələb olunmur. Məsələn, Təhsil Nazirliyinin təqdim etdiyi "Diplom haqqında məlumatlar" xidmətindən istifadə edərkən xidmət vətəndaşa "Diplomun seriya və nömrəsinə görə", "FİN-ə görə" kateqoriyası üzrə iki seçim verir. Vətəndaş FİN-ə görə kateqoriyasını seçdikdə məlumatlar sistem tərəfindən avtomatik formalaşdırılır.





Onu da qeyd edək ki, "Elektron hökumət" portalında Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı" xidməti var ki, bu xidmət vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür.  Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.



Odur ki, FİN kod (o cümlədən, şəxsiyyət vəsiqəsinin surəti) aid olduğu fərd tərəfindən qorunmalı,  zərurət olmadığı hallarda başqasına etibar edilməməlidir. Bir sözlə, sizin şəxsi informasiyalarınızı özündə daşıyan şəxsiyyət vəsiqənizin  FİN kodunu bank və sosial təminat kartınızın FİN kodu kimi qorumalısınız.






16/03/16    Çap et