Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hidrogen yanacağı ilə işləyən dronun uğurlu sınaqları keçirilib


Mütəxəssislər Şotlandiyanın “RaptorUAS” şirkətinin hidrogen yanacağı ilə işləyən “Raptor E1” pilotsuz uçan aparatının sınaqlarının uğurlu olmasını açıqlayıblar. Aparatın 10 dəqiqəlik sınaq uçuşu təxminən 60 m hündürlükdə keçirilib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, uzunluğu 1,2 m, qanadlarının uzunluğu 3 m təşkil edən dronun kreyser sürəti saatda 27-50 km, maksimal sürət isə 77 kilometrə bərabərdir. “Raptor E1” hidrogen yanacağı ilə işləməsinə görə digər oxşar dronlardan fərqlənir. Ekspertlər bir müddət əvvəl bu yanacaq növünün üstünlüyünü hidrogenin karbondan daha çox enerji sərf etməsi ilə izah ediblər. Buna uyğun olaraq hidrogenlə işləyən dron havada adi pilotsuz uçan aparatlardan daha çox qala bilir ki, bu da onu, məsələn, hava kəşfiyyatının aparılması zamanı əvəzedilməz edir.

Bundan başqa, hidrogen yanacaq elementləri pilotsuz uçan aparatlarda istifadə edilən litium batareyalardan üç dəfə yüngüldür. Şotlandiya Dəniz Elmləri Assosiasiyasının (Scottish Association for Marine Science) nümayəndəsi Fil Andersonun sözlərinə görə, “Raptor E1”-in yanacaq ehtiyatı ilə iki saat havada qalması mümkündür.

Xatırladaq ki, hidrogendən yanacaq kimi istifadə hazırda ilk növbədə onun partlama təhlükəsinə görə geniş yayılmayıb.

Nizam Nuriyev





31/03/16    Çap et