Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada ilk dəfə gövdə hüceyrələrindən üst dəri qatı və tük soğanaqları yetişdirilib


Yaponiyanın Fizika və Kimya Tədqiqatları İnstitutunun mütəxəssisləri ilk dəfə induksiya edilmiş gövdə hüceyrələrindən (iPS hüceyrələr) üst dəri qatı və tük soğanaqları yetişdirməyə nail olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, eksperiment zamanı alimlər anadangəlmə tük örtüyü olmayan siçana xüsusi proteinlə qatışdırılmış təxminən 30 gövdə hüceyrə qrupu köçürüblər. Təxminən bir aydan sonra hüceyrələr bitişib və siçanda dəri piyi yaranmağa və tük çıxmağa başlayıb. Beləliklə, tədqiqatçılar gəmiricinin üst dəri qatını tam bərpa etməyə nail olublar. 

“Bizim tədqiqatlar göstərir ki, gövdə hüceyrələrinin köməyi ilə orqan və ya toxumaları tam yetişdirmək mümkündür. Bu, elmin inkişafında böyük addımdır. Layihəmizin son məqsədi yanıqlar zamanı köçürülməsi mümkün olan gövdə hüceyrələrindən insan dərisinin yetişdirilməsi üsulunun axtarışıdır”, - Fizika və Kimya Tədqiqatları İnstitutunun mütəxəssislər qrupunun rəhbəri professor Sudzi Takasi bildirib.

Yaponiya alimi Sinya Yamanaka 2012-ci ildə gövdə hüceyrələrinin tədqiqi sahəsində tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görüldükdən sonra həm Yaponiya cəmiyyəti, həm də Yaponiya hökuməti tərəfindən bu mövzuya maraq dəfələrlə artıb və nəticədə regenerativ tibb elmin inkişafının prioritet istiqamətlərindən biri elan olunub. “iPS” hüceyrələri müəyyən kimyəvi təsir nəticəsində istənilən tip hüceyrəyə çevrilə bilir ki, bu da nəzəri baxımdan müxtəlif orqanlar üçün toxumalar yetişdirməyə imkan verir. Bununla belə, bir sıra mütəxəssisin fikrincə, yetişdirilən toxumaların orqanizmə köçürülməsi bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.

Nizam Nuriyev 





02/04/16    Çap et