Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xərçəng xəstəliyini müalicə edən mikrorobotlar yaradılacaq


İsveçrənin Sürix şəhərində yerləşən Texnologiya Məktəbi və “IBM” korporasiyasının tədqiqat laboratoriyasında çalışan alimlər nanoölçülü kürələrdən süni molekullar yaratmağa nail olublar. Alimlərin sözlərinə görə, yeni texnologiya xərçəng şişini müalicə etməyə imkan verən mikrobotların yaradılmasına səbəb olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sferik modullardan ibarət olan süni molekulların ölçüsünün adi molekullarla müqayisədə böyük olmasına baxmayaraq, insanın ölçüsü baxımından yenə də kiçik ölçülüdür. Silisium və polimer materiallardan hazırlanmış kürələr müxtəlif xüsusiyyətlərə (məsələn, elektrik keçiriciliyi və maqnitləşmə) malikdir. Belə kürələri bir-biri ilə birləşdirən alimlər istənilən həndəsi, struktur və digər xüsusiyyətlərə malik mikroobyektlər yaradırlar. Süni molekullar çubuq, üçbucaq və ya mürəkkəb üçölçülü obyektlərin formasını ala bilərlər.

Alimlər gələcəkdə  süni molekulların əsasında mürəkkəb həndəsi və kimyəvi tərkibli və maqnit sahəsinin köməyi ilə hərəkət edən qurğuların yaradılmasını planlaşdırırlar. Belə mikroobyektlər tibbi tədqiqatlarda dərman və kimyaterapevtik preparatların lazımi yerə çatdırılması üçün tətbiq edilə bilər. Mühəndislər, həmçinin bir-biri ilə qarşılıqlı əlaqədə olan və superstruktur formasında birləşə bilən molekulların yaradılması ilə məşğul olmağı planlaşdırırlar. Belə qurğular fotonika sahəsində uğurla istifadə oluna bilər.

Emil Hüseynov





04/04/16    Çap et