Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dərman istehsal edən qurğu yaradılıb


ABŞ-ın Massaçusets Texnoloji Universitetinin əməkdaşları hər gün fasiləsiz çoxlu dərman dozasının istehsalına imkan verən 1×0,7×1,8 metr ölçüsündə qurğu hazırlayıblar. O, reaktiv, nasos, sintez modulu (perftoralkoksial və membran separatorlu reaktorlar), çökmə, kristallaşma, filtrasiya və dozalanma tutumlarından ibarətdir. Sintez və təmizləmə prosesində maddələr durmadan borucuqlar sistemi ilə hərəkət etdiyinə görə istehsal fasiləsiz rejimdə davam edir.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, cihazı istənilən dərmanların (yüksək molekulyar biopreparatlar istisna olmaqla) sintezi üçün konfiqurasiya etmək olar. Nümayiş sınağında alimlər onun köməyi ilə ABŞ farmakopeyasının tələblərinə uyğun antigistamin və sedativ difenqidramin preparatını, yerli anesteziya edici və aritmiya əleyhinə lidokaini, diazepam anksioliti və fluoksetin antidepresantinin uğurlu sintezinə nail olublar.

Təsiredici maddədən asılı olaraq birgünlük istehsal yüz dərman məhlulu dozasından min dərman məhlulu dozasınadək  (həb istehsalı modulu hazırlama mərhələsindədir, bu məqsədlər üçün “3D” çapdan istifadə imkanları öyrənilir) təşkil edib. Digər preparatın istehsalı üçün modulların dəyişdirilməsi və təmizləmə və dozalama sistemlərinin yuyulmasına dörd saata yaxın vaxt sərf olunur.

Mütəxəssislərin fikrincə, qurğu hərbi əməliyyat zonalarında (qurğunun hazırlanmasını ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) maliyyələşdirib), ucqar yerlərdə, epidemiya mənbələrində və ayrı-ayrı preparatlara böyük ehtiyac duyan xüsusiləşmiş müalicə müəssisələrində tətbiq oluna bilər. Bundan başqa, portativ əczaçılıq zavodu nadir xəstəliklərin müalicəsi üçün orqan preparatlarının təchizatı ilə bağlı problemləri həll etməyə kömək edəcək.

Nizam Nuriyev 





05/04/16    Çap et