Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya İT bazarında azalma qeydə alınacaq
“Gartner” analitik şirkətinin mütəxəssisləri valyuta məzənnəsinin əlverişsiz dəyişikliyi səbəbindən qlobal informasiya texnologiyaları bazarının həcmi üzrə proqnozu aşağı salıblar.
Ekspertlərin proqnozuna görə, 2016-cı ildə qlobal miqyasda İT xərclərin həcmi 3.49 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0.5% azdır.
"Gizli iqtisadi qeyri-müəyyənlik şirkətlərin İT xərclərə qənaət etməsinə səbəb olub – “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Con Devid Lavlok deyib. Bununla belə rəqəmli biznesin inkişafı naminə İT sahəsinə investisiya qoyuluşuna zərurət daha da aktuallaşıb. Rəhbərlər bilirlər ki, rəqəmli biznesi inkişaf etdirmək lazımdır, əks halda rəqəmli dünyadan kənar düşəcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner”in proqnozuna görə, telekommunikasiya xidmətləri əvvəlki kimi İT sahəsinin ən böyük seqmenti olaraq qalır. Qiymətləndirmələrə görə, cari ildə bu sahədə təxminən 1.44 trilyon dollar xərclənəcək ki, bu da ötən illə müqayisədə 2% azdır.
Kompüter texnikası bazarında 3.7% həcmində azalma gözlənilir. Analitiklərin proqnozuna əsasən, cari ildə fərdi kompüter, noutbuk, mobil telefon, planşet və printerlərin satış həcmi 626 milyard dollar təşkil edəcək. Xatırladaq ki, 2015-ci ildə bu göstərici 650 milyard dollar olub.
2016-cı ildə məlumat mərkəzləri üçün avadanlığa yatırılan investisiyanın həcmi 2,1% artaraq 175 milyard dollara yaxınlaşacaq. 2015-ci ildə şəbəkə infrastrukturlarının yenilənməsi fonunda korporativ şəbəkə avadanlığına tələbat gözləniləndən çox olub və cari ildə bu tendensiya saxlanılacaq.
Analitiklərin proqnozuna görə, 2016-cı ildə korporativ proqram təminatının satın alınması üçün xərclərin həcmi 4,2% artaraq 321 milyard dollar təşkil edəcək.
Emil Hüseynov
07/04/16 Çap et