İlk ürəkdaxili kardiostimulyator təsdiq edilib
ABŞ Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) kateterin köməyi ilə birbaşa ürəyə implantasiya edilən miniatür kardiostimulyatorun tətbiqini təsdiq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “N+1
www.nplus1.ru” resursuna istinadən yazır ki, “Micra” adlanan cihaz “Medtronic” şirkəti tərəfindən hazırlanıb. O, ölçüsünə görə standart cihazdan 93 faiz kiçikdir ki, bu da onu hazırda dünyanın ən kiçik kardiostimulyatoru edir. Ənənəvi qurğulardan fərqli olaraq “Micra”nın quraşdırılması əməliyyatın keçirilməsi və ürəyə elektrodların daxil edilməsini tələb etmir. Belə ki, o, kateter vasitəsilə bud venasından ürəyə daxil edilərək elastik dişlərlə bilavasitə sağ mədəcikdə bərkidilir.
Avtonom iş müddəti 12 il nəzərdə tutulan yeni qurğu yenidən proqramlaşdırıla bilər və maqnit rezonans tomoqrafiyanın aparılmasına mane olmur. Onun implantasiyası üçün göstəricilər ürəyin müxtəlif aritmiyası və blokadaları, eləcə də taxikardiya-bradikardiya sindromlu sinus düyününün disfunksiyası hesab olunur.
“Micra” cihazının tətbiqinin təsdiqi üçün əsas 719 xəstənin iştirakı ilə keçirilən klinik sınaqların nəticələri olub. Sınaqlardan məlum olub ki, iştirakçıların 98 faizində tədqiqatın altıncı ayında adekvat kardiostimulyasiya qalır. Ağırlaşma halları azı yeddi faiz təşkil edib ki, bu da adi kardiostimulyatorların quraşdırılmasından 51 faiz azdır.
“FDA” nümayəndəsi Uilyam Meyzelin sözlərinə görə, ilk elektrodsuz kardiostimulyator olan “Micra” ağırlaşma riski yüksək və ya adi cihazın quraşdırılmasının qeyri-mümkün olduğu xəstələr üçün yeni müalicə imkanı təqdim edir.
Nizam Nuriyev