Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində iki restoran robot ofisiantların işə yararsızlığına görə bağlanıb


Xidmət sahəsində insanların robotlarla əvəz edilməsi hər yerdə yayılmasa da, bir sıra şirkətlər bu istiqamətdə səylər göstərir. Hazırda robotlarla bank və hotellərdə rastlaşmaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki,  qənaət və ya müasir texnologiyaların tətbiqi məqsədilə adi əməkdaşlardan imtina edərək robotlara keçid həmişə özünü doğrultmur. Belə ki, Çinin Quançjou şəhərində fəaliyyət göstərən robot ofisiantların işlədiyi iki restoranın sahibi müəssisəsini bağlamaq məcburiyyətində qalıb, müştərilərə robotların xidmət göstərdiyi daha bir iaşə obyektinin sahibi isə onlardan birini işdən ayırıb.

Bildirilir ki, mexaniki ofisiantların işdən ayrılmasına səbəb onların müştərilərə yeməkləri verə bilməməsi və tez-tez sıradan çıxmaları ilə bağlı daxil olan çoxsaylı şikayətlər olub. “Müdir robotlardan bir daha istifadə etməmək qərarına gəlib”, - fəaliyyətini davam etdirən restoranın əməkdaşı qeyd edib.

Daha bir restoran əməkdaşı bildirib ki, robotlar yalnız məhdud sayda işlərin öhdəsindən gələ biliblər. Restoran sahibinin sözlərinə görə, robotlar müştəriləri yaxşı cəlb etsələr də, adi ofisiantları əvəz edə bilməyiblər.

Quançjou Texnoloji Universitetinin prorektoru Çjan Yun vurğulayıb ki, müasir robotlar istehsal əməliyyatlarında insan əməyini yaxşı əvəz edir, lakin daim insanlarla ünsiyyət tələb edən sahələrdə özlərini göstərmək üçün hələ ki mükəmməl səviyyəyə çatmayıblar. 

Nizam Nuriyev 





11/04/16    Çap et