Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya süni intellektdən təhlükəsiz istifadə prinsiplərinin qəbulunu təklif edir


Yaponiya hökuməti kibernetik düşüncənin inkişafı ilə əlaqədar bəşəriyyəti mümkün təhlükələrdən qorumaq üçün nəzərdə tutulmuş süni intellektin tətbiqi üzrə 8 prinsipin beynəlxalq tanınmasına nail olmaq niyyətindədir.

“Kiodo” agentliyi yazır ki, 29-30 aprel tarixində Yaponiyanın Takamasu şəhərində “Yeddilər qrupu” ölkələrinin informasiya və rabitə  nazirlərinin müşavirəsində bu məsələ qaldırılacaq. Bundan sonra Tokio İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində müzakirə planlaşdırılır.

“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, Yaponiya hökuməti ilk növbədə beynəlxalq müqavilədə o bəndi təsdiq etmək istəyir ki, istənilən süni intellekt həlli insana hörmət prinsipinə əsaslanmalı və onun həyatına heç bir təhlükə yaratmamalıdır. Eyni zamanda prinsiplər süni intellekt sahəsində işləmələr üçün əlverişli şərait yaratmaq, belə sistemlərin etibarlılığının təmin edilməsi üçün nəzərdə tutulub. Tokio, həmçinin bu sahədə sağlam rəqabət yaradılması, istehsalçılar arasında informasiya mübadiləsi və musiqi, ədəbi əsərlər və digər süni düşüncə məhsulları üçün müəllif hüquqları məsələsinin həllini təklif edir.

Hazırda kibernetik intellekt elementləri artıq sürücüsüz avtomobil və robotların hazırlanmasında aktiv istifadə olunur. Yaponiya hökumətinin qiymətləndirməsinə görə, 2045-ci ilədək süni intellekt bazarı ölkəyə 121 trilyon yen (1.1 trilyon dollardan çox) məbləğində gəlir qazandıracaq.

Emil Hüseynov





15/04/16    Çap et