Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” xidmətlərindən mədaxilin həcmi 2025-ci ilədək 247 milyard dollara çatacaq


“ABI Research” şirkəti beşinci nəsil mobil rabitə (5G) bazarının növbəti onilliyin ortalarınadək inkişafı ilə bağlı proqnoz verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, iri telekommunikasiya şirkətləri artıq “5G” avadanlıq və müvafiq servislərin sınaqlarını keçirir. Belə şəbəkələrin imkanlarını bazar iştirakçıları 2018-ci ilin fevralında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş etdirməyi planlaşdırırlar.

Maksimal buraxılış qabiliyyəti 20 Qbit/saniyə təşkil edəcək ilk kommersiya “5G” şəbəkələrinin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. “ABI Research” analitiklərinin fikrincə, belə şəbəkələrin nüfuzetmə sürəti “4G/LTE” infrastrukturunun inkişaf tempini üstələyəcək.

Ekspertlərin qənaətinə görə, 2025-ci ilədək “5G” xidmətlərindən əldə olunan mədaxilin həcmi 247 milyard dollara bərabər olacaq. Texnologiyanın tətbiqi üçün əsas bazarların Şimali Amerika, Qərbi Avropa və Asiya-Sakit okean regionunun olacağı bildirilir.

Ekspertlər, həmçinin qeyd edirlər ki, "5G” şəbəkələrinin yaradılması 150-200 metr radiusda əhatəni təmin edə bilən kiçik baza stansiyaları infrastrukturunun inkişafına xidmət edəcək. Müqayisə üçün qeyd edək ki, adi stansiyalar üçün müvafiq göstərici bir neçə kilometrə çatır. Bundan başqa, “ağıllı” antenaların aktiv tətbiq ediləcəyi gözlənilir.

Nizam Nuriyev 





16/04/16    Çap et