Mobil ödənişlər 10 ilə nağd və kart əməliyyatlarını üstələyəcək
Britaniyanın “Co-op” supermarketlər şəbəkəsi yaxın illərdə mobil ödənişlərdən istifadənin sürətlə artacağını proqnozlaşdırır. Şirkətin proqnozuna görə, mobil telefonlar vasitəsilə həyata keçirilən kontaktsız tranzaksiyalar təkcə nağd hesablaşmaları deyil, həm də hazırda artımı müşahidə edilən kart əməliyyatlarını üstələyə biləcək. Şirkət bu qənaətə 2800 mağazaya və 120 min ödəniş terminalına malik şəbəkəsində istehlakçıların davranışını və ticarət tendensiyalarını tədqiq etdikdən sonra gəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Payspacemagazine” resursuna istinadən yazır ki, hesabata görə, hazırda şəbəkədə alış-verişin əksər hissəsi (65 faiz) nağd şəkildə ödənilir. Lakin il ərzində kontaktsız ödənişlərin sayında üç dəfə artım qeydə alınıb. Buna səbəb kimi həm bu texnologiyanı dəstəkləyən bank kartlarının sayının artması, həm də "Apple Pay” kimi innovativ həllərin istifadəyə verilməsi göstərilir.
Proqnoza görə, 2025-ci ilədək bütün tranzaksiyaların 65 faizi smartfonlarla həyata keçiriləcək, nağd hesablaşmalar və ödəniş kartları tədricən çek kitabçaları kimi keçmişdə qalacaq.
“Co-op”-un son məlumatına görə, mağaza şəbəkəsində aylıq kontaktsız mobil ödənişlərin sayı 11 milyon tranzaksiya təşkil edib ki, bu da ötən dövrdən 1,4 milyon (15 faiz) çoxdur.
Nizam Nuriyev