Alimlər özünübərpa edən süni əzələlərin yaradılmasına yaxınlaşıblar
ABŞ-ın Stenford Universitetinin mütəxəssisləri zədələnmiş səthi müstəqil bərpa edə bilən yeni növ süni əzələ hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
RSUTE” resursuna istinadən yazır ki, süni əzələ konsepsiyası onilliklərdir mövcuddur. Tədqiqatçılar onların yaradılması üçün müxtəlif materiallardan, o cümlədən karbon nanoborucuqlardan, keramikadan və metal ərintilərindən istifadəni təklif ediblər. 2000-ci illərdə alimlər rezinəbənzər polimer elastomerlərin elektrik cərəyanının təsiri nəticəsində təxminən 3 dəfə uzanmasını nümayiş etdiriblər. Lakin belə əzələlərin zədələnmiş səthinin bərpası üçün onların analoqları kimi kənar müdaxilə tələb olunub. Başqa mütəxəssislər elastomerlərdən qırıqları, dəlikləri tarıma çəkən, kəsilmiş yerləri birləşdirən özünübərpa edən polimerlər üçün əsas kimi istifadə ediblər. Lakin bu materiallarda elastik çatışmazlığı onların zəif cəhəti olub.
Kimyaçı-mühəndis Jenan Bao Stenford Universitetindən olan həmkarları ilə birlikdə bu problemi “Fe-Hpdca-PDMS” elastomerlər qrupu vasitəsilə həll edib. Material dəmir duzu ilə qarışdırılmış silisium, oksigen, hidrogen və karbon atomlarından yaradılmış uzun, təsadüfi dolaşıq polimer zəncirlərdən ibarətdir. Belə birləşmə komponentləri birləşdirərək eyni zamanda polimerə uzanmağa və elastikliyi təmin etməyə imkan verir. Dəmir də bərpada rol oynayır. Materialda dəlik açılsa, metal atomları bir tərəfdən hidrogenə, digər tərəfdən oksigenə yaxınlaşacaq və nəticədə dəlik 72 saat dartılacaq. Material kəsilmiş olsa belə, ətraflar əlaqəli olduqda ideal şəkildə birləşir. Polimer 20°С temperaturda möhkəmliyini tam və elastikliyini 90 faiz qoruyub. Cərəyan qoşulan zaman material 2 faiz uzanıb və təsir dayanandan sonra əvvəlki vəziyyətinə qayıdıb.
Belə qısa uzatma çatışmazlıq kimi olsa da, tədqiqatçılar texnologiyanın böyük potensiala malik olduğunu qeyd edirlər. Alimlərin fikrincə, material protez qoyma və robot texnikasında istifadə edilən süni əzələlər üçün əsas ola bilər.
Nizam Nuriyev