Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsan sifətini tanıyan portativ uçan kamera təqdim edilib
Çinin “Zero Zero Robotics” şirkəti insanın üzünə və bədəninə istiqamətlənərək çəkiliş obyektlərini müstəqil izləyə bilən portativ “Hover” uçan kamerasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, "Hover” əsas məqsədi verilən obyektin videoçəkilişi olan ixtisaslaşmış pilotsuz uçan aparatdır. Mütəxəssislər qeyd edirlər ki, məhz istifadə olunan təsvirin tanınması texnologiyası "Hover”i yaxın rəqibləri “Lily” və “DJI Phantom 4. Lily” qurğularından fərqləndirir. Belə ki, “Lily” obyektin izlənməsi üçün xüsusi fənərli bilərzikdən istifadə edir, “DJI Phantom 4. Lily” isə hərəkət detektoru kimi işləməklə, məsələn, camaat içində konkret adamı müəyyənləşdirə bilmir.
Rotorlu mühafizə ilə təchiz edilən qatlanan dron kameranın çəkisi 250 qramdan az olmasına görə əksər ölkələrdə mülki pilotsuz uçan aparatların uçuşlarının məhdudlaşdırılmasını nəzərdə tutan qeydiyyatdan keçməni tələb etmir. Kamera 13 meqapikselli fotoşəkillər və “4K” təsvir ölçüsündə video çəkə bilir. Pilotsuz uçan aparat hərəkətin yerə nisbətini izləmək üçün rəqəmli təsvir sabitləşdiricisindən, eləcə də optik axın kamerasından istifadə edir.
Hazırkı mərhələdə şirkət aparatın seriyalı istehsaldan əvvəl minə yaxın nümunəsini sınaqdan keçirir, sifarişlərin qəbulu ilkin olaraq yaya planlaşdırılır. Aparatın dəqiq qiyməti hələ ki məlum olmasa da, mütəxəssislərin sözlərinə görə, onun təxminən 600 dollar olacağı gözlənilir. Uçan kameraların alıcılara 2016-cı ilin sonunda çatdırılması nəzərdə tutulur.