Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib
Çin şirkəti qrafen əsasında hazırlanmış “OLED” displeyə malik ilk elastik smartfonu ictimaiyyətə nümayiş etdirib.
Məlumat üçün bildirək ki, qrafen bir atom qalınlığında olan karbon lövhəsindən ibarət və xüsusi möhkəmliyi (bu göstərici üzrə polad materialını 200 dəfə ötür), həmçinin yüksək elektrik keçiriciliyi və elastikliyi ilə fərqlənən ikiölçülü materialdır.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, internetdə yerləşdirilmiş videoçarxa əsasən, “Interim” şirkətinin istehsalı olan smartfon baza funksionallığına malikdir və videonu göstərmək qabiliyyətinə malikdir, hərçənd ekranın keyfiyyəti çox yüksək deyil. Qurğunu qolbaq kimi də istifadə etmək mümkündür. Videodan görünür ki, telefonu bükdükdə ekrandakı təsvir dartılır və sayrışır.
Qeyd edək ki, elastik cihaz istehsalı sahəsində işləmələr əvvəllər də nümayiş etdirilib. Amma indiki təqdimat əvvəlkilərdən onunla fərqlənir ki, bu dəfə tamaşaçıya tam funksional smartfon nümayiş etdirilib.
Uzun müddətdir ki elastik elektronika sahəsində işləmələr aparılır. Məsələn, 2000-ci ildə təsis edilmiş Britaniyanın “Plastic Logic” şirkəti bu sahə üzrə ixtisaslaşıb. Bu şirkət elastik elektron kağız (yalnız qara və ağ rəngləri ötürür) texnologiyasını icad edib.
Bildirək ki, 2004-cü ildə Andrey Qeym və Konstantin Novoselov tərəfindən qrafen materialının əldə edilməsi texnologiyası ixtira edildikdən sonra elastik elektronika sahəsində yüksək inkişaf başlanıb. Yeni materialın sənaye istehsalı mümkün olduqdan sonra mikroelektronika istehsalçıları elastik cihaz prototipi yaratmaq imkanı əldə ediblər.