Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ən kiçik mühərrik yaradılıb
Kembric Universitetinin alimləri dünyada ən kiçik mühərrik yaradıblar. Onların sözlərinə görə, sözügedən mühərriki nanorobotlarda (əsasən, tibbi məqsədlə insan bədəninə yeridilən) istifadə etmək mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, dünyada ən kiçik mühərrikin prototipi "hərəkətə gətirən nanoçevirici" (“Actuating nano-transducer” ifadəsinin qısaldılmış forması “Ant” – ingiliscədən tərcümədə "qarışqa" deməkdir) adlandırılıb. Mexanizmin çəki vahidinə nisbətdə generasiya etdiyi hərəkət qüvvəsi istənilən tanınmış mühərriklə müqayisədə 100 dəfə çoxdur.
"İnsanlar artıq uzun illər nanorobotların yaranması haqda danışırlar, ancaq indiyədək onlar yaradılmayıb. Niyə? Çünki indiyədək nanorobotları maye mühitdə hərəkət etməyə məcbur edən üsul məlum deyildi. Bu, nanomiqyasda axınla üzməyə bənzəyir, belə ki, molekullar arasında cazibə qüvvəsi çox yüksəkdir" – Kembric Universitetinin professoru, tədqiqatın rəhbəri Ceremi Bomberq izah edib.
Professor Ceremi və onun həmkarları tərəfindən “Proceedings of the National Academy of Sciences” jurnalında təsvir edilmiş mühərrik nanorobotları lazımi güclə təmin etmək qabiliyyətinə malikdir. "Az çəkiyə malik yeni mühərrik qarışqa kimi böyük işin öhdəsindən gələ bilir" – Ceremi Bomberq bildirib.
Alimin sözlərinə görə, indi onlar bu gücə nəzarət etmək üsulunu aydınlaşdırmalıdırlar.
Emil Hüseynov
05/05/16 Çap et