Alimlər laboratoriyada ikihəftəlik insan embrionu yetişdiriblər
ABŞ və Britaniya alimləri dünyada ilk dəfə laboratoriya şəraitində ikihəftəlik insan embrionları yetişdirməyə nail olublar.
"ICTnews" Elektron Xəbər Xidməti "
BBC" resursuna istinadən yazır ki, alimlər ilk dəfə sübut ediblər ki, insan embrionu uşaqlıq yolunda olmadan belə bir neçə gündən çox inkişaf edə bilər. Bu, əvvəllər qeyri-mümkün hesab edilib.
Nyu-York Rokfeller Universitetinin alimləri tərəfindən keçirilən təcrübələrdə 12 gün ərzində embrion laboratoriyada olmasına baxmayaraq tam normal inkişaf edib.
Bildirilir ki, bu, sonsuzluğun və vaxtından əvvəl doğuşun müalicəsində istifadə oluna biləcək ən böyük elmi irəliləyişdir.
Həmçinin bu alimlərə insan orqanizminin və hüceyrələrin necə inkişaf etməsini anlamağa kömək edəcək. Bu biliklər əksər xəstəliklərin müalicəsinə kömək edə bilər.
Lakin alimlər qanunvericilikdə olan məhdudiyyətlərə görə eksperimenti dayandırmaq məcburiyyətində qalıblar. ABŞ, Böyük Britaniya və digər əksər ölkələrdə "14 gün qaydası" qüvvədədir. Belə ki, qanuna görə, insan embrionları laboratoriyada iki həftədən çox yetişdirilə bilməz. Əvvəllər alimlərin embrionları uzun müddət ərzində canlı saxlaya bilmədiklərinə görə heç kim bu qaydanın əleyhinə olmayıb. Lakin hazırda alimlər bu müddəti pozmamaq üçün onları məhv etməli olublar.
Rokfeller Universitetinin alimləri qaydanın onların imkanlarını məhdudlaşdırmasına görə onu ləğv etməyə çağırırlar. Bu problem elmi cəmiyyətdə ziddiyyətlərə səbəb olub. Ekspertlərin bir hissəsi alimlər üçün belə məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarıdır.
Nizam Nuriyev