Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
272 milyon elektron poçt hesabına müdaxilə edilib
“Hold Security” şirkətinin təhlükəsizlik üzrə aparıcı mütəxəssisi Aleks Holden elektron poçt xidmətindən istifadə edən 272.3 milyon istifadəçinin məlumat itkisi haqda məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Hold Security”nin mütəxəssisləri forumlardan birində rusiyalı hakerin özündə elektron poçt istifadəçilərinin loqin və parollarını saxlayan məlumat bazasını 50 rubla satın almağı təklif etməsi halı ilə rastlaşıblar və daha sonra rusiyalı haker bu məlumatı internetdə pulsuz dərc etməyə razılaşıb. Haker əvvəlcə 1.17 milyard elektron poçt hesabına müdaxilə edilməsilə bağlı məlumat versə də, amma “Hold Security” şirkətinin mütəxəssisləri dublikatları sildikdən sonra məlum olub ki, 300 milyondan az hesab ələ keçirilib.
Holden məlumat verib ki, hakerlər aylıq 64 milyon abunəçisi olan “Mail.ru” servisində 57 milyon elektron poçt qutusuna müdaxilə ediblər. Bundan başqa, “Yahoo!” poçt xidmətində 40 milyon, “Microsoft Hotmail”də 33 milyon, “Google”da 24 milyon elektron poçt qutusunun parol və loqini hakerlər tərəfindən ələ keçirilib.
Ekspertlər bu məlumatların sonrakı müdaxilə və ya fişinq hücumlarında istifadəsindən narahatdırlar.
Emil Hüseynov
05/05/16 Çap et