Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının birgə iclası keçirilib
Bu gün Bakıda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası keçirilib.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsi, Poçt sektorunun müdiri Novruz Məmmədovun sədrliyi ilə keçirilən birgə iclasda gündəliyə Ümumdünya Poçt İttifaqının (ÜPİ) XXV Konqresinin qərarlarının yerinə yetirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti, ÜPİ-nin XXVI İstanbul Konqresinə hazırlanmış Ümumi təkliflərin müzakirəsi, RRB-nin İşçi qruplarının hesabatlarının dinlənilməsi, RRB-nin 25 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıq və digər məsələlər daxil edilib.
İclasda Avropa və MDB ölkələri üzrə ÜPİ-nin regional layihələrinin koordinatoru Yuri Spiriev ÜPİ, RRB və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş ÜPİ-nin "Avropa və MDB ölkələrində keyfiyyətin yaxşılaşdırılması və loqistika şəbəkəsinin təkmilləşdirilməsi" adlı yekun seminarının nəticələri haqda məlumat verib.
ÜPİ rəsmisi daha sonra "Avropa və MDB ölkələrində poçt sahəsinin inkişafı naminə qarşılıqlı əlaqə və səylərin birləşdirilməsi" mövzusunda təqdimatla çıxış edib, eyni zamanda 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək ÜPİ-nin XXVI Konqresi ərəfəsində region ölkələrinin inkişafı üçün 2017-2020-ci illəri əhatə edən yeni regional plan layihəsinin hazırlanması zərurətini xatırladıb.
İclasda RRB-nin İşçi qruplarının, o cümlədən Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstanın sahə üzrə səlahiyyətli nümayəndələrinin hesabatları məruzə olunub.
Həmçinin "Azərbaycanda poçt sahəsinin inkişafı üzrə perspektiv istiqamətlər" mövzusunda təqdimat dinlənilib, ölkədə bu sahədə həyata keçirilən layihə və islahatlar, o cümlədən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi üzrə əldə olunan əsas nəticələr haqda ətraflı məlumat verilib.
Daha sonra RRB üzv ölkələri tərəfindən ÜPİ-nin XXVI İstanbul Konqresinə hazırlanmış Ümumi təkliflərin müzakirəsinə başlanılıb. Qlobal poçt sektorunun ümumi inkişafına yönələn bu təkliflər sırasında Azərbaycan tərəfinin hazırladığı 30-dan artıq təklif də yer alıb.
Qeyd edək ki, Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurasının 41/30-cu birgə iclası işini bu gün başa çatdırıb.
06/05/16 Çap et