“Ericsson” sürücüsüz elektrik avtobusların sınağını keçirib
İsveçin “Ericsson” şirkəti şəhərdə sürücüsüz hərəkət edən dünyanın ilk elektrik avtobuslarını nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
CNews” resursuna istinadən yazır ki, yeni avtobuslar sınaqları aparılan beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulub ki, bu da nəqliyyat vasitəsinin şəhər şəraitində təhlükəsiz hərəkətini təmin edir.
Avtobusların hamısında real vaxt rejimində birbaşa videoyayımın həyata keçirilməsi üçün kameralar və avtobusun olduğu yer haqqında məlumatlar ötürən modul quraşdırılıb. Elektrik avtobusların idarəetməsi üçün "Ericsson Transport Operation Center” və “Connected Traffic Cloud” həllərindən istifadə olunur.
Bildirilir ki, sürücüsüz nəqliyyatın düzgün fəaliyyəti üçün “5G” şəbəkəsinə ehtiyac duyulur. “Ericsson” və "Telia” mobil rabitə operatoru ilk sınaq beşinci nəsil rabitə şəbəkəsini 2018-ci ildə Stokholm və Tallin şəhərlərində istifadəyə verməyi planlaşdırır. “5G” kommersiya şəbəkələrinin 2020-ci ilədək təşəkkül tapması gözlənilir.
Sürücüsüz avtobusların nümayişi İsveç hökuməti tərəfindən 2015-ci ildə bəyan edilən “Drive Sweden” nəqliyyat sahəsi üzrə innovativ strateji proqramın tərkib hissəsidir. Proqram çərçivəsində təkcə sürücüsüz ekoloji təhlükəsiz nəqliyyat hazırlamaq deyil, həm də yolların yüklənməsi probleminin həllindən tutmuş, qanunvericiliyə dəyişikliklərədək yol infrastrukturunu tam dəyişmək planlaşdırılır.
Nizam Nuriyev