Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerini növbəti dəfə “sındırıblar”
Eyniadlı antivirus proqram təminatını buraxan “McAfee” şirkətinin qurucusu Con Makafi təcrübəli hakerlər komandası ilə birlikdə “WhatsApp” messencerində çata müdaxilə ediblər. Bundan əvvəl proqramın yaradıcıları fərdi informasiyanın üçüncü tərəfin əlinə keçməsinə imkan verməyən təhlükəsiz şifrləmə sisteminin tətbiqi haqda məlumat veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, messencerə ilk "nümayişkaranə" müdaxilə SMS mesajlarla göndərilən birdəfəlik kodlar vasitəsilə həyata keçirilib. Bu dəfə Con Makafinin rəhbərliyi altında proqramçılar qrupu tərəfindən hazırlanmış kiçik proqram təminatı test edilən smartfondan başqasına göndərilmiş mesajı ələ keçirməyə imkan verib.
İlk öncə sözügedən proqram təminatı “Android” mobil əməliyyat sisteminin son versiyası qurulmuş hər iki yeni smartfona yüklənib. “LIFARS” şirkətinin nümayəndəsi Ondrey Krexel bildirib ki, çatda fərdi informasiya yoxlanılmamış proqramların quraşdırıldığı smartfonlarda da ələ keçirilə bilər.
Makafi aşkar edilmiş boşluğa görə “WhatsApp” messencerinin heyətini günahlandırmağa tələsmir, bu, ehtimal ki, “Google”un problemidir. Sözügedən boşluq ona gətirib çıxara bilər ki, bütün göndərilmiş foto, video, audioyazı, sənəd və zəngləri proqramçılar tərəfindən yaradılmış zərərli proqram təminatının köməyi ilə ələ keçirmək olar.
Emil Hüseynov
16/05/16 Çap et