Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni qurğu dil baryerini aradan qaldıracaq
Dil baryeri səyahət etməyi sevən bir çox insanlara problem yaradır. Amma artıq yeni cihaz dil baryerini aradan qaldıracaq. Belə ki, “Waverly Labs” şirkətinin mühəndisləri tərəfindən yaradılmış cihaz real vaxt rejimində insanın danışığını lazımi dilə tərcümə edə biləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “nabludatel.net” saytına istinadən xəbər verir ki, mühəndislər yeni faydalı qurğunu "Ulduz yolu" (“Star Trek”) elmi-fantastik filmindəki universal tərcüməçi ilə müqayisə edirlər.
“Pilot” adlandırılmış sistem müxtəlif dillərdə danışan iki insan üçün iki qulaqlıqdan ibarətdir və mobil proqramdan istifadə edərək asanlıqla ünsiyyət qura bilərlər.
İstehsalçıların sözlərinə görə, bu, müxtəlif dildə danışan iki insan arasında danışığı çox yaxşı tərcümə edən ilk “ağıllı” qulaqlıqdır.
O məlumdur ki, sözügedən qurğu ilk öncə ingilis, ispan, fransız və italyan dillərini dəstəkləyəcək, daha sonra yeni dillər əlavə olunacaq. Bu halda şirkətin nümayəndələri xəbərdarlıq ediblər ki, hər bir dilin öz dialekti var və qurğu, hələ ki, yalnız əsas dialektlərin tərcüməsi üçün nəzərdə tutulub.
“Waverly Labs” şirkətinin nümayəndələrinin iddiasına görə, onların "ağıllı" cihazı başqa ölkədə də avtonom rejimdə işləyə biləcək və belə imkan sayəsində səyahət zamanı ən vacib qurğulardan biri olacaq.
Müxtəlif dillərdə danışan insanlar arasında ünsiyyət qurmağa xidmət edən simsiz qulaqlıq, həmçinin musiqi dinləmək üçün istifadə oluna bilər.
Şirkət tezliklə “Indiegogo” platformasında vəsait toplama kampaniyası keçirmək niyyətindədir. “Pilot” qurğusunun dəyəri 129-179 ABŞ dolları təşkil edəcək. Qurğu üç rəngdə əlçatan olacaq.
Tədarük dəstinə iki qulaqlıq, yığcam enerjidoldurma qurğusu daxil olacaq.