Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Soli” jestlərlə smart saat və smartfonları idarə etməyə imkan verəcək


Ötən il “Google” şirkətinin “ATAP” tədqiqat bölməsi mahiyyəti qurğuların əl hərəkətlərinin köməyi ilə idarə olunmasından ibarət yeni “Soli” layihəsini təqdim edib. Son ildə “Google” əməkdaşları bu ideyanın inkişafını davam etdirərək “I/O 2016” proqram tərtibatçıları konfransında texnologiya vasitəsilə “ağıllı” saatların necə idarə edilməsini nümayiş etdiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, "Google Soli” layihəsinin əsasını qurğuların yaxınlığında hərəkətləri müəyyənləşdirməyə imkan verən xüsusi radiolokasiya sistemi təşkil edir. İlk prototiplərdə radarın ölçüsü böyük olub və daim kompüterə qoşulmağı tələb edib. Bu dəfə isə “Google” mütəxəssisləri radarı “ağıllı” saatların korpusuna yerləşən kiçik çip şəklində yaratmağa nail olublar. Texnologiyadan istifadə variantları yetərincədir.

“Google Soli” vasitəsilə obyektləri tanımaq, üçölçülü modellər (3D) yaratmaq, avtomobildə smartfonu jestlərlə idarə etmək mümkündür.

Texnologiyanın kommersiya qurğularında nə vaxt tətbiq ediləcəyi barədə hələ ki məlumat verilmir.

Nizam Nuriyev 







23/05/16    Çap et