“MasterCard” elektron ticarətdə fırıldaqçılıqla mübarizəni gücləndirir
“MasterCard” şirkəti fırıldaqçılıqla mübarizəni davam etdirərək kiçik və orta biznes üçün yeni xidmətlər istifadəyə verir. Belə servislərdən biri “Simplify Controls” sadələşdirilmiş tranzaksiyalar idarəetmə sistemi adlanır. Sistem elektron ticarət nümayəndələrinə pulköçürmə əməliyyatlarına real vaxt rejimində nəzarət etməyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
Payspacemagazine” resursuna istinadən yazır ki, xidmət “Simplify Commerce” platformasına əlavədir. Həqiqi sifarişləri qeydə almaq və potensial təhlükəli sifarişləri ötürmək imkanı sayəsində sistem istifadəçiləri alış-verişin həcmini genişləndirə biləcəklər.
Bildirilir ki, mobil telefon və kompüter üçün proqram ticarətlə məşğul olan insanlara funksiyaları şübhələndikləri ödənişə (malın mənşə ölkəsi, həcmi, tranzaksiyaların mütəmadiliyi) uyğun qurmağa imkan verir. Bundan sonra proqram belə tranzaksiyaları avtomatik rədd edərək müştəriyə mümkün fırıldaqçılıq cəhdləri barədə bildirişlər göndərəcək.
Hazırda yalnız ABŞ-da istifadə edilən xidmətin növbəti ildə digər ölkələrdə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, fırıldaqçılıq kiçik biznes üçün ən ciddi təhdidlərdən biridir. Tədqiqata görə, kiçik və orta biznes nümayəndələrinin 60 faizi bu təhlükənin qarşısını almaq üçün heç bir alətdən istifadə etmir.
Nizam Nuriyev