Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya ilə rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.
Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də, iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.
Bu görüşün Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin, informasiya-kommunikasiya texnologiyaları sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.
Nikolay Nikiforov bildirib ki, 2016-cı ilin yanvarından Ramin Quluzadənin nazir vəzifəsinə təyin olunması ilə iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Nazir Ramin Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib.
24/05/16 Çap et