Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mütərəqqi hesablama sisteminə malik kompüterin arxitekturası təqdim edilib
ABŞ-ın Luiziana Texniki Universitetində informatika kafedrasının dosenti tərəfindən hazırlanmış texnologiya ikilik say sisteminin sonunu yaxınlaşdıracaq. Tədqiqatın nəticələri Beynəlxalq Sənaye Mühəndisliyi Konfransı (“ICMIE”) çərçivəsində təqdim ediləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən xəbər verir ki, doktor Ben Çoi tərəfindən hazırlanmış alternativ kompüter arxitekturasının əsasını ikilik say sistemi deyil, çoxmənalı məntiq təşkil edir. Bu halda hesablama gücünün artımı mütərəqqi aparat yanaşması ilə izah olunur. Nəticədə məlumatların emal sürəti həndəsi silsilə üzrə artacaq.
"Kompüterin çoxmənalı məntiqinin təmini üçün metod və aparat hissəsi" adlandırılmış texnologiyanın təfərrüatları gizli saxlanılır. Universitet sözügedən texnologiyaya patent almaq üçün artıq müraciət edib. Luiziana Universitetində işləyən mütəxəssislərin fikrincə, bu kəşf hesablama sahəsində inqilab etmək potensialına malikdir.
"Kompüter arxitekturasının fundamental məsələsi üzrə irəliləyiş hər bir sahə üçün lazımdır: biznes, elm, həmçinin milli informasiya təhlükəsizliyi seqmenti. Doktor Çoinin hesabatı bu sahədə aparılan işlərə marağı artırıb" – doktor Qalen Terner deyib.
Xatırladaq ki, Beynəlxalq Sənaye Mühəndisliyi Konfransı 6-8 iyun tarixlərində Münhendə keçiriləcək.
Emil Hüseynov
26/05/16 Çap et