2015-ci ildə haker hücumlarından ziyan 1 milyard dolları ötüb
2015-ci ildə haker hücumları nəticəsində dəyən ziyanın həcmi 1,07 milyard dolları ötüb. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) İnternet Cinayətkarlığı üzrə Şikayətlərin Qəbulu Mərkəzinin (Internet Crime Complaint Center, IC3) 2015-ci il üçün kibercinayətkarlığa həsr olunan hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, ötən il mərkəzə hakerlərin qurbanı olan istifadəçilərdən 288 012 şikayət daxil olub. Bunun 2453-ü fırıldaqçılıq proqram təminatına aid olub. Şifrləyici virus proqramlarından dəyən ziyanın həcmi 1,6 milyon dollar təşkil edib. 2015-ci ildə fırıldaqçılıq proqram təminatı geniş yayılmış təhlükə olmasa da, statistikaya görə, ondan əldə olunan gəlir artmaqda davam edir. “IC3” ilk dəfə fırıldaqçılıq proqram təminatı haqqında 2012-ci il hesabatlarında söhbət açıb. 2014-cü ilin ikinci yarısında mərkəzə bu təhlükə ilə bağlı 1 402 şikayət daxil olub. O zaman şifrləyici virus proqramlarından ziyanın həcmi 490 min dollara bərabər olub.
Onu da nəzərə almaq lazımdır ki, “IC3” hakerlərin qurbanı olan şəxsin FTB-yə şikayətlə rəsmi müraciət etməsi halları haqqında məlumat verir. “Kasperski laboratoriyası” şirkətinin məlumatına görə, 2015-ci ildə 179 209 fırıldaqçılıq proqram təminatı ilə yoluxdurulan kompüter aşkarlanıb. Ötən ay “CNN” telekanalının FTB-yə istinadən verdiyi məlumata görə, şifrləyici virus proqramlarından ziyan 24 milyon dolları ötüb.
Nizam Nuriyev