Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvant qurğular üçün ilk topoloji izolyator yaradılıb


Texas Universitetinin (Austin, Dallas) fizikləri “zəif” topoloji izolyatorların yeni yaradılma üsulunu təklif ediblər. Texnologiya elektrikkeçirmə sahəsində irəliləyişə səbəb ola və kvant kompüterlər üçün əsas rol oynaya bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, topoloji izolyator həcmin daxilində izolyasiya xüsusiyyətlərinə və üst qatında elektrikkeçirməyə malik material olmaqla elektrik cərəyanını səth üzərində iki əks istiqamətdə ötürür. Adi materiallardan fərqli olaraq topoloji izolyatorlar mühitin elektromaqnit səs-küyündən asılı deyil ki, bu da onları mikroelektronika sənayesində əsas rola optimal namizəd edir, eləcə də sıfır effektli elektron kütləsinə malikdir. Bu, nəzəri baxımdan alimləri sürətli qurğular yaratmağa yaxınlaşdırır.

Bildirilir ki, topoloji izolyatorlar şərti olaraq “zəif” və “güclü” hissələrə bölünür. “Zəif” topoloji izolyator cərəyanı bütün tərəflərə ötürə, təbiətdə rast gəlinə və laboratoriya şəraitində təkrar istehsal oluna bildiyi halda “güclü” topoloji izolyator üst qatda da izolyasiya xüsusiyyətlərini qismən saxlamaqla indiyədək elm üçün dərkedilməz qalıb.

Doktor Fan Çjanın rəhbərliyi ilə qrup irəliləyişi “ölü nöqtə”dən tərpədə bilib. Alimlər bismut kristallarını yod və ya bromla qarışdıraraq “zəif” topoloji izolyator yarada biliblər. F.Çjanın sözlərinə görə, bismut yodu və bromidi Almaniya tədqiqatçıları tərəfindən 1970-ci illərdə sintez edilsə də, o zaman birləşmələrin potensialı dərk edilməyib.

“Bizim sərəncamımızda olan hesablama qurğuları çox məhduddur. Bir sıra vəzifələr - hava proqnozu, məlumatların kodlanması və dekodlanması üçün müasir kompüterlər çox zəif işləyir. Kvant kompüterlər sürəti artıra bildiklərinə görə onlara alternativ kimi təklif edilib. Bunu “zəif” topoloji izolyatorlar təmin edə bilər”, - alim vurğulayıb.  

Mütəxəssis nəzəriyyəsini köhnə üsulla - karandaş və kağızla izah edib. Məlumatların yoxlanılması Ostində Texas kompüter mərkəzində yerləşən superkompüterlər bazasında həyata keçirilib. Tədqiqatçıların vəzifəsi yeni materialın unikal xarakteristikalarını öyrənərək sonradan onları praktikada tətbiq etməkdir.

Nizam Nuriyev 





02/06/16    Çap et