2020-ci ilədək internet istifadəçilərinin sayı 5 milyardı ötəcək
Qlobal internet şəbəkəsi istifadəçilərinin sayı 2020-ci ilədək 5 milyarda çatacaq. Bu proqnozu “Google Think Performance” konfransında “Google” şirkətinin Rusiya üzrə bölməsinin marketinq departamentinin rəhbəri Dmitri Kuznetsov səsləndirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, D.Kuznetsovun sözlərinə görə, dünyada internetdən hələ fərdi kompüterin geniş yayılmadığı 1990-cı illərdə yüz milyonlarla insan istifadə etməyə başlayıb. Ötən illər ərzində çox şey dəyişib və sürətlə inkişaf edən texnologiyalar sayəsində qlobal şəbəkədən hamı yararlanmaq imkanı əldə edib.
“Google” şirkətinin Rusiya üzrə nümayəndəsi istifadəçilərin sayının artmasını smartfonların internetə çıxış üçün vasitə olması ilə əlaqələndirib. O bildirib ki, məhz internet istifadəçilərinin bu seqmentinin artımı hesabına yaxın illərdə dünya informasiya şəbəkəsinin auditoriyası çoxalacaq.
Azsavadlı vətəndaşlar üçün servisləri optimallaşdırmağa çalışan “Google” şirkətinin nümayəndələri qeyd ediblər ki, hazırda interneti mənimsəyən əksər istifadəçilər hətta yazıb-oxumağı bilmir. Lakin bu, onlara qlobal informasiya şəbəkəsinin bütün imkanlarından yararlanmağa mane olmamalıdır.
Nizam Nuriyev