Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC və TÜBİTAK UZAY mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi keçirildi


Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) bir qrup əməkdaşı “Azərkosmos” ASC-də təlim proqramında iştirak ediblər.
 
Təlim proqramı zamanı TÜBİTAK UZAY-ın peyk mütəxəssisləri telekommunikasiya peyk sistemlərinin idarə edilməsi, orbitin təyini, orbitdə aparılan manevrlər, peykin yanacağı və ömrünün uzadılması istiqamətində aparılan hesablamalara dair proseslərdə “Azərkosmos”un təcrübəsini öyrəniblər.
 
Bununla yanaşı, təlim proqramı çərçivəsində TÜBİTAK UZAY-ın kosmik sahədə ixtisaslaşmış mütəxəssisləri Türkiyənin kosmik sənayesinin tarixi inkişafı, gələcək planları, yerli peyk idarəetmə stansiyası layihələri, aşağıorbitli peyklərin idarə olunması, peyklərin dizayn və istehsal edilməsi haqqında, habelə nano-peyklərin hazırlanmasında mövcud olan təcrübələrini bölüşüblər. 
 
Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində keçirilən təlimdə həm “Azərkosmos”, həm də TÜBİTAK UZAY-ın mütəxəssisləri bundan sonra da əməkdaşlığın faydalı olacağını, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin zəruriliyini bildiriblər.

Qeyd edək ki, TÜBİTAK UZAY qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnoloji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir. 





13/06/16    Çap et