Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb
2015-ci ilin sonuna olan vəziyyətə görə, dünyada internetə qoşulan qurğuların, o cümlədən smartfon, planşet, fərdi kompüter, televizor, TV və audio qurğularının sayı 8,1 milyard təşkil edib. Bu barədə “IHS” analitik şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, bu göstəriciləri nəzərə alan ekspertlərin hesablamalarına görə, dünyada hər ev təsərrüfatına orta hesabla dörd internetə qoşulmuş qurğu düşür.
Tədqiqatda, həmçinin qeyd olunur ki, smartfonlar sayəsində internetə qoşulan qurğular bazarına hər il təxminən yarım milyard yeni qurğu əlavə olunur. Həmçinin planşet və TV qurğularının sayında artım olsa da, bu, smartfonların sayı kimi sürətli getmir.
Mütəxəssislərin fikrincə, gələcəkdə smartfonların üstünlüyü güclənməkdə davam edəcək. 2020-ci ilədək dünyada istifadə olunan hər 10 smartfona 1 planşet düşəcəyi gözlənilir.
Bu arada “Gartner” analitik şirkəti dünya smartfonlar bazarının zəifləyəcəyini proqnozlaşdıraraq gələcəkdə bu sahədə ikirəqəmli artım tempinin olmayacağını hesab edir.
Analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyard ədədə çatacaq. Müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib.
2020-ci ildə bazarın natural ifadədə həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.
Nizam Nuriyev