Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək qlobal “IP” trafikin həcmi 3 dəfə artacaq


“Cisco” şirkətinin “Cisco Visual Networking Index™ (VNI) Complete Forecast for 2015 to 2020” adlı hesabatına əsasən, yaxın 5 ildə qlobal “IP” trafikin həcmi 3 dəfə artaraq artım tempi 22% təşkil edəcək. 1 milyarddan çox yeni istifadəçi beynəlxalq internet cəmiyyətinə qoşulacaq, 2015-2020-ci illərdə internet istifadəçilərinin sayı 3-dən 4.1 milyardadək yüksələcək. Rəqəmsallaşdırma ilə bağlı qlobal dəyişikliklər trafikin artımına daha böyük təsir göstərəcək. Yaxın 5 ildə qloabl “IP” şəbəkələrində 10 milyard yeni qurğu və qoşulma peyda olacaq: 2020-ci ilədək onların sayı 16.3-dən (2015) 26.3 milyardadək artacaq. 2020-ci ilədək planetin hər bir sakininə 3.4 qurğu və qoşulma (2015-ci ildə bu göstərici 2.2 təşkil edib) düşəcək.
“Əşyalar interneti”nin inkişafı “IP” trafikin artımını təmin etməyə davam edir. Videomüşahidə, "ağıllı" sayğaclar, rəqəmli tibbi monitorlar və başqa “M2M” proqramlar və xidmətlər şəbəkəyə yeni tələblər tətbiq edir və beləcə trafik tədricən artır. 2015-2020-ci illərdə dünyada “M2M” qoşulmaların sayı təqribən 3 dəfə artaraq 12.2 milyarda yaxınlaşacaq və internetə qoşulmuş qurğuların 46%-i onların payına düşəcək. “M2M” qoşulma üzrə böyük artım tempi elektron səhiyyə seqmentində qeydə alınacaq, belə ki, 2015-2020-ci illərdə sözügedən seqmentdə “M2M” qoşulmanın sayı 5 dəfə artaraq 729 milyon təşkil edəcək. “Ağıllı” evlər seqmenti birinci yeri tutacaq, çünki burada “M2M” qoşulmaların sayı 2.4-dən (2015) 5.8 milyardadək (2020) artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “http://www.cisco.com” saytına istinadən xəbər verir ki, 2020-ci ilədək qlobal internet trafikində videonun payı 79% təşkil edəcək. Halbuki  2015-ci ildə bu göstərici 63% olmuşdu. 2020-ci ilə dünyada hər ay 3 trilyon dəqiqəlik video yayımlanacaq. 2020-ci ilədək videotrafikin 82%-i internetdə “HD” və “Ultra HD” formatlarında yayımlanacaq videonun payına düşəcək.

Trafik üzrə qlobal proqnozlar və xidmətlərin tətbiqi tendensiyası: əsas nəticələr və istiqamətlər
1. “IP” və internet trafikin sabit artımı
·         Yaxın 5 ildə qlobal “IP” trafikin həcmi 3 dəfə artacaq.
·         2015-2020-ci illərdə pik trafikin həcmi təqribən 5 dəfə artacaq.

2. “IPv6” protokolunun geniş yayılması qlobal rəqəmləşdirmə prosesinə imkan yaradır
·         2020-ci ilədək stasionar və mobil şəbəkələrdə işləyən bütün qurğuların 48.2%-i “IPv6” protokolunu dəstəkləyəcək.

3. Stasionar genişzolaqlı ötürülmənin sürəti təxminən iki dəfə artacaq
·         2020-ci ilədək genişzolaqlı ötürülmənin sürəti təqribən 2 dəfə artaraq 47.7 Mbit/s-yə (2015-ci ildə bu göstərici 24.7 Mbit/s təşkil edib) yaxınlaşacaq.

4. Smartfonlarda trafikin həcmi fərdi kompüterlərin trafik həcmini ötəcək
·         İstehlakçılar və biznes istifadəçiləri “IP” şəbəkə və internetə giriş üçün əksər vaxt mobil qurğulara üstünlük verir. 2020-ci ilədək ümumi “IP” trafikin 71%-i planşetlər, smartfonlar və televizorlar tərəfindən generasiya olunacaq. 2015-ci ildə bu göstərici 47% təşkil edib.
·         2020-ci ilədək smartfonlar ümumi “IP” trafik həcminin 30%-ni generasiya edəcək, halbuki fərdi kompüterlərdə bu göstərici 29%-dək azalacaq.

5. Video internet trafikin əsas növü olaraq qalacaq
·         2015-2020-ci illərdə internetdə videotrafikin həcmi 4 dəfə artacaq.
·         2020-ci ilədək internetdə istehlak videotrafikinin payı bütün istehlak internet trafikinin 82%-ni (2015-ci ildə bu göstərici 68% olub) təşkil edəcək.
·         Son ildə videomüşahidə trafikinin həcmi 2 dəfə artıb və 2020-ci ilədək 10 dəfə yüksələcək.
·         Son ildə virtual reallıq trafikinin həcmi 4 dəfə artıb, 2020-ci ilədək bu göstərici 61 dəfə yüksələcək.

6. Xidmətlərin tətbiqi tendensiyaları: yaşayış sektoru, mobil rabitə, istehlak və biznes seqmentlər
·         Yaşayış sektorunda oyun seqmenti daha sürətli inkişaf edəcək: 2015-2020-ci illərdə oyun xidmətləri istifadəçilərinin sayı 1.1-dən 1.4 milyardadək artacaq.
·         Olduğu yerin (“location-based service”, “LBS”) təyini ən sürətlə inkişaf edən istehlak mobil xidmət olacaq, 2020-ci ilə istifadəçilərin sayı 2.3 milyarda (2015-ci ildə bu göstərici 807 milyon təşkil edib) yaxınlaşacaq.
·         Biznes seqmentdə videokonferansrabitə (masaüstü və fərdi qurğuların tətbiqi) böyük artım tempi nümayiş etdirəcək, bu xidmətin istifadəçilərinin sayı 95-dən (2015) 248 milyona (2020) çatacaq.

7. “Wi-Fi” texnologiyasının qlobal yayılması
·         2020-ci ilədək dünyada (evlər daxil olmaqla) “Wi-Fi” giriş nöqtələrinin sayı 7 dəfə artaraq 432 milyon (2015-ci ildə bu göstərici 64 milyon olub) təşkil edəcək.

8. İstehlakçılar və biznes istifadəçiləri mobil şəbəkələrə üstünlük verir
·         2015-ci ildə “Wi-Fi” və mobil şəbəkələrə qoşulmuş qurğular internet trafikin 62%-ni (“Wi-Fi” - 55%, mobil şəbəkələr - 7%, stasionar şəbəkələr - 38%) generasiya edib. 2020-ci ilədək bu göstərici 78%-dək artacaq.

Emil Hüseynov





16/06/16    Çap et